Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə start verəcək.
Bugün.tv “Report”a istinadən bildirir ki, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi ilə üz-üzə gələcək.
67 kq-dakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika) görüşəcək. 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, 97 kq-dakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinin (Avstriya) müqavimətini qırmağa çalışacaq.
Bu gün həmçinin 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.