Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Bugün.tv xəbər verir ki, paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, “Energy Talks” sessiyaları: “Women in power”, “Bizimkilər”, “Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi”, həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.